Xəbər verdiyimiz kimi, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov 114 saylı, 76 saylı və 69 saylı seçki dairələrinin ləğv olunacağını iddia edib.
69 saylı seçki dairəsindən deputat seçilən Fəzail İbrahimli "Unikal"a açıqlamasında bu məlumatın yalnış olduğunu bildirib:
"Mən və köməkçim hər gün seçki dairəsi ilə əlaqə saxlayırıq. Bu gün də əlaqə saxladıq, bu məsələdən məlumatsız olduqlarını bildirdilər.
Maraqlıdır, İlqar Məmmədov bu məlumatları haradan alır? Bir daha vurğulayım ki, dairə fəaliyyətdədir və ləğv olunması ilə bağlı bizə hər hansı bir məlumat verilməyib", - deyə deputat qeyd edib.
76 saylı seçki dairəsindən deputat seçilən Ziyafət Əsgərov da saytımıza açıqlamasında İlqar Məmmədovun iddialarına münasibət bildirib:
"Mən bu barədə heç nə eşitməmişəm. Məlumatım yoxdur. Yazırlar da...", - deputat qeyd edib.
***
14:14
Xəbər verdiyimiz kimi, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv ediləcəyi iddiası ilə çıxış edib. O sosial şəbəkə hesabında yazdığı statusunda qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı və Cəlilabadda 69 saylı seçki dairələri ləğv olunacaq.
"Unikal" sözügedən dairələrdən Milli Məclisə deputat seçilən şəxslərin adlarını təqdim edir:
69 saylı seçki dairəsi - Fəzail İbrahimli
76 saylı seçki dairəsi - Ziyafət Əsgərov
114 saylı seçki dairəsi - Əli Məsimli
Qeyd edək ki, İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv edilməsinə baxmayaraq, deputatların sayında dəyişiklik olmayacağını bildirib. Onun sözlərinə görə, ləğv ediləcək seçki dairələrinin əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılacaq.
Murad İbrahimli