"Ermənistan nə 44 günlük Vətən müharibəsində aldığı ağır nəticələrdən, nə də sentyabr döyüşlərindən nəticə çıxarmayıb. Ermənistan cəmiyyəti hələ də ayılmayıb".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, onlar qonşu xalqlarla normal yaşamağın vacibliyini dərk edə bilməyiblər:
"Təəssüf ki, bunların müxalifəti də iqtidarla eyni düşüncədədir. Sözdə Azərbaycanla normal münasibətlərdən danışırlar, amma bununla belə təxribatlara davam edirlər. Hər sahədə təxribat etməyə çalışırlar. Hər gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını, diversantların ərazimizə daxil olmasını, beynəlxalq birlikdə isə Azərbaycana iftira atmaları xəbərlərini eşidirik. Görünən odur ki, Ermənistan hələ də möcüzə gözləyir. Onlara elə gəlir ki, çirkin niyyətlərini həyata keçirən qüvvə ortaya çıxacaq. Vaxtilə hesab edirdilər ki, bunu Rusiya etməlidir. İndi bu məsuliyyəti ABŞ və Fransanın üstünə atmağa çalışırlar. Amma dərk etmirlər ki, heç kim Ermənistanın çirkin niyyətlərinin müəllifi olmayacaq.
Onların qarşısında 90-cı illərin zəif Azərbaycanı deyil. 2023-cü ilin qüdrətli, nüfuzlu, öz hüququnu qorumağı bacaran Azərbaycan var. Sentyabr hadisələri də Azərbaycan dövlətçiliyinin, xalqının daxili ruhunu, gücünü, əsgərimizin rəşadətini göstərdi. Ermənistan nə qədər tez özünün uydurduğu dünyadan ayılacaqsa, bir o qədər onun üçün yaxşıdır. Belədə isə etdiyi istənilən təxribatın cavabını alacaq".
Anar Kəlbiyev