"Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.
“Fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, - Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək:
"Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.