Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar Cümhuriyyət Xalq Partiyasını (CHP) və partiyanın sədri Kamal Kılıçdaroğlunu Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı səssiz qalmasına görə tənqid edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar X hesabında yazıb. 

O, Ermənistanın Qarabağda yaratdığı silahlı terror təşkilatına qarşı həyata keçirilən antiterror əməliyyatı ilə bağlı CHP liderinin günlərdir susqunluğuna sərt reaksiya verib: "Can Azərbaycan günlərdir dünya gündəmindədir. Qarabağda antiterror tədbirləri çərçivəsində əməliyyatlar keçirilib. Konstitusiya quruluşuna qarşı çıxan terror təşkilatının kökünü kəsmək yolunda şəhidlərimiz var. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Böyük Atatürkdən əmanət qalan ana müxalifət CHP-dən səs çıxmır. Kılıçdaroğlu susur. Avropadan Macarıstan Azərbaycanı haqlı davasında dəstəklədiyi halda, Türkiyənin əsas müxalifəti bu hadisəyə lal və kardır".

O, müraciətində qeyd edib ki, Kılıçdaroğlu hakimiyyət eşqi üçün illərdir Atatürkdən sui-istifadə edir: "Atatürk dövrün çətinliklərinə və SSRİ-yə rəğmən İbrahim Əbilovu tək qoymadı. Bəs siz kimə nə nəyə xidmət edirsiniz? Partiyanızdakı terrora dəstək verənləri əsəbiləşdirməmək üçün Qarabağ hadisələrində özünüzü ölü kimi göstərməyinizə xalq qısa zamanda qarşılıq verəcək. 

Türkiyəyə sığınan 193 azərbaycanlı zabitin İnönünin göstərişi ilə 1945-ci ildə Stalinə təhvil verilməsi və onların Boraltan körpüsündə güllələnməsi qırğınını 1951-ci ildə gündəmə gətirən Demokrat Partiyasının Tekirdağ millət vəkili Şevket Mocanın xatirəsini rəhmətlə yad edirəm. Bəzi şeylər heç vaxt dəyişmir".

Ağarza Elçinoğlu