Azərbaycanın minlərlə etnik ermənini Qarabağ bölgəsindən çıxmağa məcbur etmək planı yoxdur.
"Unikal" xəbər verir ki, bunu CBC News-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, əraziyə nəzarəti tam bərpa edən Azərbaycanın etnik ermənilər üçün təhlükəsiz və daha yaxşı yaşayış şəraiti təmin etmək üçün hərtərəfli planı var: "Biz sadəcə olaraq onların qalmasını istərdik. Azərbaycan yerli əhaliyə təhlükəsizliyin təmin edilməsi ilə bağlı müraciətini etməyə davam edir. Amma bu arada biz hərəkət azadlığını dayandıra bilmərik. Bu, hər kəsin suveren və fərdi seçimidir".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Qarabağdan kütləvi köçün olmasını istəmir: "Bu barədə qarşı tərəfin dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan bir neçə gün ərzində Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ekspert qrupunu əraziyə buraxmaq niyyətindədir. Hökumət avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndinə avtobuslar göndərib, lakin bu da insanları avtobuslara minib getməyə məcbur etmir.
Azərbaycan əlindən gələni edəcək və elə bir dəhliz təmin edəcək ki, mülki insanlar layiqli və təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər. Azərbaycan etnik təmizləmədən heç vaxt istifadə etmir və etməyəcək - və belə bir cəhd, mülki insanlara qarşı güc yoxdur".
Ağarza Elçinoğlu