Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.
"Unikal" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda əksini tapıb."Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.
Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik", - deyə dövlət başçısı qeyd edib.