Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə komitənin rəhbər şəxslərinin növbəti görüşü olub.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlər çərçivəsində məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctima Şura arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi görüşdə geniş müzakirə olunub. 

İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıb və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat verib. Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, eyni zamanda, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Bir daha qeyd olunub ki, şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə komitə rəhbərliyi tərəfindən zəruri dəstək veriləcəkdir.

Daha sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.