I Qarabağ müharibəsində itkin düşən, 30 il sonra cənazəsinin qalıqları Xocavənddə tapılan əslən Axısqa türkü olan şəhid Seyfulla Tairovun nəşi doğulduğu Saatlı rayonunun Şirinbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimində şəhid S.Tairovun doğmaları, icra hakimiyyəti rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Saatlıda məskunlaşmış Axısqa türklərindən olan Tairov Seyfulla Veytulla oğlu 1973-cü il fevralın 1-də rayonun Cəfərxan kəndində anadan olub. 1991-1992-ci illərdə sovet ordusunda xidmət edib. Xidmətini yarımçıq qoyaraq vətənə qayıdan S.Tairov könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.

31 avqust 1993-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

44 günlük Vətən müharibəsində işğaldan azad edilən Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilərkən meyit qalıqlarından birinin ona aid olduğu müəyyənləşib.