Avropa Parlamentinin (AP) bu gün (5 oktyabr) qəbul etdiyi "Azərbaycanın hücumundan sonra Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizliyin, qərəzliliyin və cəhalətin nümunəsidir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist və ayrı-seçkilikçi deputatın ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınayırıq.
Populizm, irqçilik, islamafobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi üçün arzumuz ondan ibarətdir ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır.
Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, beynəlxalq hüquq normaları çərçivəsində sülhün təmin olunması üçün intensiv səylər göstərir. Ukrayna müharibəsi də daxil olmaqla, bütün münaqişə və humanitar böhranların yaşandığı sahələrdə qardaşlıq və ümumi maraqların bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu istiqamətdə çəkisi və səylərindən istifadə olunan fundamental aktordur.
Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik".