Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əhalinin bütün təbəqələrinə, o cümlədən ahıl və yaşlı vətəndaşlara xüsusi həssaslıq və davamlı diqqət göstərilir. Rayon ərazisində yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların ictimai həyatda fəal iştirakının təmin olunması, eləcə də mütəmadi olaraq ziyarət edilməsi və qayğı ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

"Unikal" xəbər verir ki, bu çərçivədə cari həftə ərzində rayonun hörmətli ahıllarından olan əməkdar rabitəçi, 88 yaşlı Musayev Aydın İsa oğlunun və Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, 100 yaşlı Mustafayev Məsməli Əhməd oğlunun doğum günləri münasibətilə onların yaşadıqları ünvanlarda ziyarətlər təşkil olunmuşdur.

Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, Pirallahı Bələdiyyəsinin və Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, eləcə də RİH başçısı Aparatının məsul əməkdaşları iştirak etmişlər.

Səmimi görüşlər zamanı ağsaqqalların doğum günləri qeyd edilmiş, onlara möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulanmışdır. Görüşlərdə yaşlı nəslin cəmiyyətimizin mənəvi dayağı olduğu xüsusi vurğulanmış, onların zəngin həyat təcrübəsinin gənc nəslin formalaşmasında mühüm rol oynadığı qeyd edilmişdir.

Sonda yubilyarlara hədiyyələr təqdim olunmuş, onların sosial rifahına göstərilən diqqətin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.