Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən "Unikal"a verilən məlumata görə, bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü, nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzünə son qoyulduğu bildirilir.
Ermənistan tərəfindən 20 ilə yaxın dövr ərzində milli, mədəni və dini irsin məhv edildiyi, həmçinin hərbi cinayətlərin törədildiyi, minaların basdırıldığı, urbisid və ekosidin həyata keçirildiyi vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb.
Bəyanatda regionda yeni dövrün başlanmasına səbəb olan, reallıqları dəyişən və beynəlxalq ədaləti bərpa edən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər və zabitlərin əziz xatirəsinin ehtiramla anılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş 27 Sentyabr - Anım Gününün qardaş Azərbaycan xalqı tərəfindən dərin hüznlə qeyd olunduğu diqqətə çatdırılır.
Sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətənin azadlığı uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.