Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə etiraz ediblər.
"Unikal"ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxalqığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.
Deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə antiAzərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənəddir. Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır:
“Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var. Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşlarımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu. Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir. Bu qurum sırf qaragüruhların tribunası kimi görünür. Belə siyasət Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməz. Onlar qətnamə qəbul etməyə davam etsinlər, biz də torpaqlarımızı bərpa edəcəyik”.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəəsüf hissi doğursa da, bizi təəcübləndirməməlidir:
"Biz bu boz üzləri, nimdaş sifətləri 30 ildən artıqdır görürük. Son addımlarımızla onları çox çətin duruma salmışıq. Təbii ki, bu da nəticəsiz ötüşə bilməzdi. Cənubi Qafqaz siyasətində çox biyabırçı məğlubiyyətə düçar olan Fransa və onun rəhbərliyi özünün Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər?! Qərəzli qətnamə ancaq Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq. Qətnamə əslində Fransanın düşdüyü vəziyyətdən çıxmaq üçün atdığı addımdır. Onlar rəzil duruma düşüblər. “Ağsaqqalı gülüm olanın, başına külüm olar” misalı bu məsələdə tam yerinə düşür. Avropanı da o günə salıblar".
Çıxış edən digər deputatlar da Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qərəzli qətnaməyə etirazlarını bildiriblər.
Anar Kəlbiyev