İki gün əvvəl Qaxın Sarıbaş kəndi yaxınlığındakı dağlıq ərazidə ayı 57 yaşlı Fəxri Babayevə hücum edib.

"Unikal" xəbər verir ki, kənd sakini mal-qara otararkən qəflətən ayının hücumuna məruz qalıb. Belə ki, o, at belində hərəkətdə ikən ayı onu atdan salmağa cəhd edib. Kənd sakini isə ona hücum çəkən ayının əlindən xilas olmağa çalışarkən vəhşi heyvan Fəxrinin ayaqlarına xəsarət yetirib.

Vəhşi heyvanın hücumundan xilas olan Sarıbaş sakini Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, lazımi tibbi yardım alıb.

Xəstəxanadan verilən məlumata görə, Fəxri Babayevə quduzluq əleyhinə peyvənd vurulub. Onun yarası yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.