"Ermənistan regional kommunikasiyaların bərpasına hazırdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

"Bu nə deməkdir? Məsələn, Türkiyə və Azərbaycana yollar açmağa hazırıqmı? Bəli, biz suverenlik əsasında buna hazırıq. Bizə bildirirlər ki, Üçtərəfli Bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, biz isə bunun doğru olmadığını deyirik", - deyə Ermənistanın hökumət başçısı bildirib. 

Paşinyan sənəddə belə bir maddə olmadığını iddia edib. Lakin Üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir:

"Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir".