İordaniya işğal altındakı İordan çayının qərb sahilində qarşıdurmaların artmasının ardından İsraillə mövcud 3 sərhəd qapısından 2-nin bağlanmasına qərar verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada, Asayiş Müdirliyi tərəfindən sərnişin və yük daşımaları üçün istifadə edilən Kral Hüseyn körpüsünün və sərhəd qapısının cəmi 1000 nəfərin keçməsinə icazə verildikdən sonra bağlandığı bildirilib. Sabah körpünün gün ərzində bağlı olacağı deyilib.

Açıqlamada Şeyx Hüseyn Sərhəd Qapısının da bağlı olduğu və şənbə günü bağlı qalacağı, Vadi Araba Sərhəd Qapısının normal şəraitdə fəaliyyətini davam etdirəcəyi bildirilib.

İordaniya Fələstin ərazisində artan qarşıdurma və gərginliyə görə Kral Hüseyn Sərhəd Qapısının müəyyən saatlarda fəaliyyət göstərəcəyini açıqlamışdı .

İordaniya ilə İsrail arasında üç sərhəd qapısı var: Şeyx Hüseyn, Kral Hüseyn və Vadi Araba.

İordaniyada minlərlə insan İsrail ordusunun Qəzzaya hücumlarına etiraz edib. Fələstin sərhədində nümayişlərə icazə verilməməsinə və əsas yolların bağlanmasına baxmayaraq, bir çox etirazçı ikinci dərəcəli yollarla sərhədə çatmağa çalışıb.

İsrailin hücumlarının gücləndiyi Qəzzada humanitar vəziyyət pisləşdiyi üçün işğal altındakı İordan çayının qərb sahilində də etiraz aksiyaları keçirilib.

İsrail qüvvələri bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Qəzzaya dəstək nümayişlərinə müdaxilə edərkən 11 fələstinlini öldürüb. Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri və yəhudi mühacirlər tərəfindən öldürülən fələstinlilərin sayı 46-ya yüksəlib.