"Ölkəmizdə insanların sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bütün tədbirlər həyata keçirilir. Dörd günlük iş rejimi iqtisadi inkişafdan asılı məsələdir. Özünüz də bilirsiz ki, bizdə 1 həftə bayram olur. Heç bir ölkədə bir həftə bayram olmur".

Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev Azərbaycanda 4 günlük iş rejiminə keçidin mümkün ola biləcəyi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, 4 günlük iş rejimi ölkədəki iqtisadi durumla əlaqədardır:

"Novruz bayramı vaxtı bir də görürsən ki, 10 gün bayram olur. Başqa ölkədə isə bu yoxdur.  Demək bizdə də bu nümunələr var. Bu yaxınlarda əlamətdar günlərlə bağlı 5 gün bayram edəcəyik. Ən yaxşı nümunələri biz də göstərə bilərik. Bu modelimiz dünyada yayıla bilər ki, bəzi bayramları 10 gün istirahət günü kimi qeyd edirik. Doğrudur, bu müddət iqtisadiyyata müəyyən qədər təsir etsə də, amma insanların rifahı üçün vacib olduğundan bu addımlar atılır. Bizim də belə nümunələrimiz var. Niyə Avropadan nümunə götürürük ki, onlar 4 günlük iş tətbiq edir. Bizim istirahət günlərimizin çox olmasının özü yaxşı nümunədir. Yeri gələndə deməliyik ki, bizim insanlarımız bu bayramları şən və istirahətdə keçirirlər. Dörd günlük iş rejiminə keçmək qanuna uyğun şəkildə araşdırılmalı və yeri gələrsə, tətbiq oluna bilər".

Anar Kəlbiyev