"“Quduz rusofobiya”nı qəbul etmiş Vaşinqtonun günahı ucbatından Rusiya-Amerika münasibətləri hədsiz dərəcədə zəifləyib və hər an kəsilmək riski var". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasının 90 illiyi münasibətilə bildirib.

Departament qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdəki böhranın səbəbi ABŞ-nin Rusiyanı qlobal şəkildə cilovlamaqla bağlı mərcidir.

"ABŞ-nin məsuliyyətsiz addımları fəlakətli nəticələrə səbəb ola bilər", - Xarici İşlər Nazirliyi vurğulayıb.

Rusiya diplomatik xidmətinin nümayəndələrinin fikrincə, böhranın yaranmasında günahkar 1990-2000-ci illərdə “hakimiyyət cilovunu” ələ keçirmiş Amerika siyasi elitasının dünyagörüşüdür. Onlar həmçinin ABŞ-ın indiki siyasətçilərinin 1991-ci ildən sonra Rusiya Federasiyasında gedən prosesləri adekvat qiymətləndirə bilmədiyini qeyd ediblər.

Bundan əvvəl, Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bəyan etmişdi ki, Vaşinqton güc mövqeyindən danışmağa çalışdığı bir vaxtda Rusiya ilə ABŞ arasında münasibətlərin sabitləşməsindən söhbət gedə bilməz. O xatırladıb ki, Moskva dəfələrlə ABŞ və onun peyklərinə qərb sərhədlərindəki problemlərə dair dialoq aparmağı təklif edib, lakin bütün təşəbbüslər rədd edilib.

Gülayə Mecid