Zəngilanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı keçirilir. 

"Unikal" xəbər verir ki, toplantıda çıxış edən Türkiyənin  nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Zəngəzur dəhlizinin bütün ölkələrə fayda gətirəcəyini bildirib. 

O, işin mümkün qədər tez tamamlanması üçün Azərbaycanla çox sıx əməkdaşlıq etdiklərini bildirib: "Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçiriləcəyinə inanıram. Bu, bütün türk dünyasını birləşdirəcək əhəmiyyətli bir addım olacaq. İndiki Bakı-Tbilisi-Qars xəttinin Gürcüstan tərəfində təmir işləri gedir və biz onu yaxından izləyirik. O yol hələlik bağlıdır. Ona görə də alternativ olmalıdır. Bunun üçün biz Zəngəzur dəhlizi üzərində birgə işləyirik. Hazırda Azərbaycan tərəfində dəhlizdə çox böyük işlər gedir. Qalan 224 kilometri isə ölkəmizdə tenderə çıxardıq. Yaxın günlərdə orada işə başlayacağıq" .

Ağarza Elçinoğlu