Bu gün, noyabrın 19-da İran tərəfinin təşəbbüsü ilə Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, həmsöhbətlər İsrail-Fələstin münaqişəsindəki son hadisələrə, tərəflər arasında atəşkəs rejiminin yaradılmasına, eləcə də mülki əhaliyə yardım göstərilməsinin zəruriliyinə toxunublar. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub”, - nazirlik qeyd edib. 

“Tezliklə atəşkəsin əldə olunması və xəsarət alan mülki əhaliyə təcili yardımın göstərilməsinin zəruriliyi vurğulanıb”, - deyə idarənin bəyanatında bildirilir.

Bundan əlavə, Rusiya və İranın baş diplomatları birbaşa təmaslar cədvəlinə və ikitərəfli və beynəlxalq gündəliyin bir sıra digər aktual məsələlərinə toxunublar.