Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
O, qeyd edib ki, belə olan halda Azərbaycan vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsiz olacağına zəmanət almaq istəyir: "Tamamilə məntiqli və normaldır. Amma bunun necə olacağı Ermənistan hakimiyyətinin üzərinə düşür".
Siyasətçinin sözlərinə görə, indi hər şey Ermənistan və Azərbaycanın son nəticədə sülh müqaviləsinin mətnini necə müəyyənləşdirəcəyindən və formalaşdıracağından asılıdır: "Yekun sülh sazişinin həyata keçirilməsi, ondan sonra gələn şərtlərin yerinə yetirilməsi də eyni dərəcədə vacibdir. Və burada, əlbəttə ki, kommunikasiyaların açılmasından, sərhədin demarkasiyasından danışmaq lazımdır. Və sonra, əlbəttə ki, səfirliklərin açılması, birbaşa hava əlaqələrinin açıq olduğundan əmin olmaq, insanların səyahət edə bilməsi kimi bütün problemləriniz var. 30 ildən artıq davam edən münaqişədən sonra söhbət təkcə Azərbaycanın deyil, həm də Ermənistanın ritorikasından gedir".
Klaar qeyd edib ki, Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında razılaşmanın olmasıdır: "Prezident Şarl Mişel hələ də hazırdır və mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir".
Ağarza Elçinoğlu