Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğuşun tam maliyyələşdirilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Universal Sağlamlıq Sığortası proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Buna görə də, xəstələr heç bir sığorta haqqı ödəməyəcəklər", - məlumatdadeyilir.
Bildirilir ki, tibbi səbəblərə görə deyil, xəstənin öz istəyi ilə qeysəriyyə əməliyyatı, eləcə də VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub. Xidmətin dəyəri 1,2 min lari (təxminən 452,5 dollar) təşkil edir və universal sığorta proqramına daxil olan bütün tibb müəssisələrində ödəniləcək.
Nuranə Abbasova