Misir arxeoloqları dekabrın 5-də unikal əməliyyat keçirmək niyyətində olduqlarını açıqlayıblar ki, bu əməliyyatın məqsədi Giza Böyük Piramidasının əsas sirrini açmaq olacaq. Alimlər qrupuna Zəki Xaves rəhbərlik edəcək. Onlar piramidadakı sirli qapıların hara apardığını kəşf edəcəklər.

"Unikal" xəbər verir ki, Misirin keçmiş qədim əşyalar naziri Zəki Xaves “The Sun” qəzetinə müsahibəsində qeyd edib ki, planlaşdırılan əməliyyatı elm üçün böyük əhəmiyyət kəsb edən hesab etmək olar.

Onun sözlərinə görə, Xeops piramidasının daş qapıları çoxdan arxeoloqların marağına səbəb olub və dekabrın 5-də bəlkə də həmin sirr açılacaq.

Qeyd edək ki, həmin qapıları ilk kəşf edən Xaves olub. Hazırda üç belə sirli daş qapı var. Birincinin iki mis tutacağı var və ikinci otağın cənub girişinin yaxınlığında yerləşir. Ondan iyirmi bir metr aralıda ikinci qapı, üçüncüsü isə tunelin şimal tərəfindədir, onun da mis tutacaqları var. Artıq bu qapılarla bağlı bir neçə kiçik araşdırma aparılıb və hazırda alimlər dekabrın 5-də həyata keçiriləcək elmi əməliyyata böyük ümidlər bəsləyirlər. 
Xatırladaq ki, Böyük Piramida və ya Xeops Piramidası eramızdan əvvəl 2570-ci ildə Firon Xufunun məzarı kimi tikilib.