Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən “Tural” kafesində plandankənar yoxlama keçirib.

Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Kafedə işçi heyətin tibbi müayinədən keçmədiyi məlum olub, həmçinin son istifadə müddəti bitmiş qida məhsulları və ümumi həcmi 24 litr olan müxtəlif əmtəə nişanları saxtalaşdırılaraq kustar üsulla hazırlanmış alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılmasına və məhv edilməsinə dair qərar qəbul olunub.

Araşdırmalar davam etdirilir.