21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. 

“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub. Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.

Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”, - açıqlamada deyilir.

***12:49

"Şəhid Rahim Tağıyevin övladı, gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb".  

"Unikal" xəbər verir ki, bunu “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevic Orucova "Facebook"da yazıb. 

Onun sözlərinə görə, şəhid övladı tam sağalmamış evə buraxılıb:

"Övladımız Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş. Deməli, bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərini klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ki, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik. Şəhid xanımı nə etməli? Bu necə səhiyyə sistemidir? Bu millətin qəsdinə durmusuz? TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil".