Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün Türk dünyası üçün qələbələr ili olsun!

Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.

Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm".

****

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Təcrübəli və məsuliyyətli dövlət xadimi kimi, Siz haqlı olaraq həmvətənləriniz arasında və beynəlxalq arenada yüksək nüfuza maliksiniz.

Sizin adınız Rusiya və Azərbaycan xalqlarının rifahı naminə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi ilə ayrılmaz surətdə bağlıdır.

Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram".

***

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram”. 

***

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.

Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm”.