Müxtəlif vaxtlarda Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara zəif heyvanların verilməsi ilə bağlı şikayətlər edilir. Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir görüntü də müzakirəyə səbəb olub. Belə ki, vətəndaş özünüməşğulluq çərçivəsində götürdüyü heyvanlardan razılığın bildirdiyi zaman onlardan biri yıxılır. Bu hal sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, insan da, heyvan da, quş da xəstələnə bilir. Onun sözlərinə görə, verilən heyvanların hamısı xəstə ola bilməz: "Deməzdim ki, içərisində xəstə, zəif heyvan olmur. Ola bilsin var. Ola bilir heyvan təbii şəraitə uyğunlaşmır deyə xəstələnir. Ona görə də qəbul edən şəxs özü ilə bir nəfər bilən adam gətirsin. O da baxan kimi biləcək heyvan xəstədir ya yox. Aparıb 10 gün saxlayır, ya özü xəstələndirir, ya nətər olursa, deyir xəstə heyvan veriblər. Özüm də müşahidə etmişəm ki, heyvanı aparıb bir neçə ay saxlayıb, sonra deyir ki, arıqdı, otum çatmır və s. ".

Anar Kəlbiyev