Milli Məclisin deputatı Ağalar Vəliyev Seçki Dairəsi üzrə seçicilərinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə təbrik ünvanlayıb və onlara ən xoş arzularını yetirib. 

"Unikal"ın məlumatına görə, təbrikdə deyilir ki, artıq üçüncü ildir ki xalqımız bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur məmbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissilə qeyd edir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən Müharibəsində əldə etdiyi böyük qələbəmiz və 2023-cü ilin müstəsna əhəmiyyətli hadisəsi olan lokal antiterror tədbirlərinin qısa müddətdə uğurla başa çatdırılması ilə Qarabağımızda separatizmə birdəfəlik son qoyulub və bununla da doğma Azərbaycanımızın suverenliyi bütün ərazimizdə tam təmin olunub. 

Cənab Prezidentin cari ilin oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan bayrağını ucaltması xalqımızın ən böyük arzu və istəyinin həyata keçirilməsidir.

Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. Bu bayram günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid  qazilərimizə şəfa dilənir. 

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə bayramlar münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının millət vəkilinin Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. 

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.