Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi və yeri həmin dövlətlərin işidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixi və yeri həmin dövlətlərin preroqatividir. Heç kimin onların yerinə qərar vermək hüququ yoxdur", - deyə Qaluzin açıqlayıb. 

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda baş verən hadisələrdən kənarda qala bilməz: "Rusiya tarixən Qafqaz dövlətlərindən biridir və regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri mövcuddur. Kənardan heç kim Zaqafqaziyada davamlı sülh və sabitliyə yol açmayacaq.

Biz Azərbaycan və Ermənistana iki qonşu dövlətin barışığına və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə verə biləcək balanslaşdırılmış sülh müqaviləsinin hazırlanmasını dəstəkləmək üçün uzun müddətdir səylər göstərmişik və göstərməkdə davam edirik.

Rusiya danışıqlar platforması həmişə müttəfiqlərimizin və tərəfdaşlarımızın ixtiyarındadır". 

Ağarza Elçinoğlu