“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” Qarabağda üçüncü mağazasını açıb.
"Unikal" xəbər verir ki, Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, “Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir.
“Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.
“Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur.