"Qiymət çox ciddi məsələdir. İlk növbədə inflyasiyanı cilovlamağı bacarmalıyıq. Ona görə ki, inflyasiya aşağı olarsa, qiymətdə də ciddi problem olmaz".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, hökumət 2024-cü ildə inflyasiyanı 5,3 faiz proqnozlaşdırır:
"İnflyasiya 5,3 faiz olarsa, qiymətlərdə müəyyən stabilləşmə olar. Digər tərəfdən, Rəqabət Məcəlləsini qəbul etmişik. Bu məcəllə işə düşəndən sonra bazarda qiymət siyasətinə təsiri olacaq, inhisarçılığı müəyyən qədər aradan qaldıracaq. Deməzdim ki, bu məsələ birdən-birə həll olacaq. Bunu üçün illər lazımdır. Amma məcəllə müəyyən qədər azad rəqabətin formalaşmasına kömək edəcək".
Deputat qeyd edib ki, qiymətə təsir edən əsas amil inflyasiyadır: "Bizdə idxal inflyasiyası və süni qiymət artımı kifayət qədərdir. Bu məsələlər heç olmasa ayda bir dəfə analiz olunmalıdır. Onun qarşısının alınması üçün anti-inflyasiya tədbirləri həyata keçirilməlidir. Hökumət bu tədbirləri görür, amma daha intensiv etmək lazımdır. Ona görə ki, qiymət artımı insanların sosial vəziyyətinə ciddi təsir göstərir".
Anar Kəlbiyev