Astara sərhədində açılan yeni körpüdə İran və Azərbaycanın gömrük rəsmiləri ilk görüş keçiriblər.

"Unikal" xəbər verir ki, Astaraçay üzərində yeni sərhəd körpüsünün açılışından sonra İran və Azərbaycanın Astara sərhəd gömrüyünün məsul şəxsləri ilk görüşdə buradan keçən yük maşınlarının sayının artırılması və asanlaşdırılması haqda danışıqlar və fikir mübadiləsi aparıblar.

İranın Astara Gömrük İdarəsinin rəisi Əli Hüseyn Zülqədri deyib: “Yeni sərhəd körpüsünün açılması ilə biz sərhəddən yük maşınlarının hərəkətində artım və asanlaşmanın şahidi olacağına ümid edirik”.

O, iki ölkə, digər qonşu dövlətlər və Avrasiya ölkələri arasında ticarət mübadiləsinin artırılması üçün yeni sərhəd-keçid məntəqəsinin açılması və əlverişli imkan yaradılmasına toxunaraq deyib: “Bu sərhəd-keçid məntəqəsi Şimal-Cənub Dəhlizi çərçivəsində dönüş nöqtəsidir və iki ölkənin bu imkandan maksimum istifadə etməsi lazımdır”.

Görüşdə Azərbaycan tərəfi sərhəddə gediş-gəlişi sürətləndirməyə və bu imkandan maksimum istifadə etməyə hazır olduqlarını bildirib.