Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır.

"Unikal" xəbər verir ki, bunu AZƏRTAC-a “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb. Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır.

“Bu düzgün siyasət olmaqla yanaşı özünü tam doğruldur. Həmçinin şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?”, - deyə E. Qasımzadə əlavə edib.

Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsinin təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi: “Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.

E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş planının əvvəlki redaksiyalarında da olub.

“Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaqlar. Bu, əslində böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, - deyə Elbay Qasımzadə əlavə edib.