"Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir".

"Unikal" xəbər verir ki, bunu “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

"Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”, - deyə Baş memar bildirib.