Azərbaycandan Gürcüstana köçürüldüyü deyilən ceyranla bağlı açıqlama verilib.

"Unikal"ın məlumatına görə, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev oxu.az-a bildirib ki, sözügedən 16 ceyran qarşı tərəfə bağışlanmayıb, onlar təbii yolla Gürcüstana keçiblər:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən il boyu müxtəlif heyvanların populyasiyasının artırılması məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində heyvanların təbiətə buraxılması tədbirləri həyata keçirilir. Bu tədbirlərdən ən üstün nəticə verənlərdən biri də ceyran populyasiyasının artırılması üçün keçirdiyimiz tədbirlərdir. Sonuncu belə tədbir Samux rayonu ərazisində həyata keçirilib. Bu ərazinin seçilməsi təsadüfi deyil. Vaxtilə ceyran populyasiyası bu ərazidə geniş yayılıb. Bu ərazilərin bir istiqaməti Gürcüstan dövlətilə həmsərhəddir. Hansısa maneələr olmadığı üçün həmin ceyranlar Gürcüstan ərazisində müşahidə olunurlar. Bu, həmin ceyranların Gürcüstana bağışlanması kimi başa düşülməməlidir. Qarşı tərəfdə də Gürcüstanın qoruğu var. Ona görə də, həmin ərazi ceyranların inkişafı üçün uyğundur”.
 

*** 22:15

Azərbaycan Gürcüstana daha 16 ceyran - Tbilisinin son on ildə populyasiyasını bərpa etməklə məşğul olduğu antiloplar cinsindən olan nadir heyvanlar köçürüb.

"Unikal" xəbər verir ki, bu barədə Mühafizə olunan ərazilər üzrə Milli Agentlik məlumat yayıb.

Ceyranlar Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı Dedoplistskaro bələdiyyəsinin Samuxi qoruq ərazisinə buraxılıb.

Сeyranlar gürcü zooloqlarını xüsusi narahat edən mövzudur. Keçən əsrin 60-cı illərinə qədər bu heyvanların böyük populyasiyası Samuxi vadisində mövcud idi. Lakin urbanizasiya və brakonyerlik səbəbindən ceyranlar yoxa çıxmağa başladı.

2013-cü ildə populyasiyanın bərpası üzrə proqram başlanıldı. Həmin vaxt Azərbaycanın Şirvan Milli Parkından ölkəyə on ceyran gətirilmişdi. İndi Gürcüstanda onların sayı 300-dən çoxdur.

Heyvanlara nəzarət edilir və təhlükəsiz yaşayış mühitini təmin etmək üçün tədbirlər görülür. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən dəstəklənir.