Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan İbrahim Məmmədzadə ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə İbrahim Məmmədzadəni üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Anar Bağırov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK-nın zəruri dəstək göstərəcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Vəkillər Kollegiyasının sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

Müsabiqə qalibi İbrahim Məmmədzadə isə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Vəkillər Kollegiyasının sədrinə yaradılan imkana görə təşəkkürünü bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.