Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 yanvar 2024-cü il tarixdə Qara İlyasov adına Qubadlı Şəhər-1 saylı tam orta məktəbində Birinci Qarabağ Müharibəsində  torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş, polis nəfəri, Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Qubadlı rayon Polis şöbəsinin əməkdaşları, məktəb kollektivi, şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Milli Qəhrəmanımızın həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.  

Daha sonra şair Elbrus Qayalı və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin kollektivi və Şəhər 1 saylı tam orta məktəbin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib. 

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuşdur, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır. I Qarabağ müharibəsi zamanı 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. 

44 günlük Vətən müharibəsindən sonra Qubadlı RİH başçısı Malik İsaqovun köməkliyi ilə Qubadlı rayonunda Milli Qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və  Milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət Ağayevin və Həsən Qorxmazın qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası hələ də davam edir, yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur.  Sumqayıt və digər şəhərlərdə də müntəzəm olaraq bu işlər yerinə yetirilir. Vətən müharibəsi şəhidlərinin eləcə də I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulur, xatirə lövhələri, baralyeflər hazırlanır. 

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Digər çıxış edənlər - Qubadlı rayon Polis şöbəsinin  rəis müavini İlham Rəsulov, rayonun Müharibə, Əməк, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Vеtеranları Şurasının sədri Razim Əliyev, S.Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB-nin Şərqi Zəngəzur Regional təşkilatının sədri, Rayon Bərgüşad qəzetinin redaktoru, keçmiş polis əməkdaşı Qafqaz Əvəzoğlu və keçmiş polis əməkdaşı Azim Abbasov Şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. 

Sonda Milli Qəhrəmanımızın həyat yoldaşı Aygün Əliyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib.