Milli Şura illüziyası
13:48 30-04-2013
CƏMİYYƏT
Milli Şura illüziyası
Rüstəm İbrahimbəyovun Milli Şura ideyasına dəstək verən müxalifət partiyalarının gerçək məqsədi nədir?
Yaşının səkkizinci onilliyində kinodramaturq qələmini yerə qoyub siyasətə transfer olunan Rüstəm İbrahimbəyov bu sferada ondan daha stajlı və təcrübəli şəxslərin iyirmi ildir, bacarmadıqları bir işi - müxalifətin mövcud cinahlarından birini eyni cəbhəyə toplamaq iddiasına düşüb.
İlk cümlədən belə anlaşıla bilər ki, uzun müddət nə ölkə, nə müxalifət, nə də ki demokratiya haqqında danışmaq bir yana, hətta fikirləşməyə ehtiyac görməyən R.İbrahimbəyov bu ağır missiyanı öz istəyi əsasında üzərinə götürüb.
Ölkədə cərəyan edən prosesləri izləyənlər bilirlər ki, yaxın müddətə qədər şəxsi biznesinin inkişafından başqa hər hansı digər mövzunu düşüncəsinə yaxın buraxmayan kinodramaturqun birdən-birə belə kəskin dönüş etməsi səbəbsiz ola bilməz.
Yolverilməz davranışları üzündən ona bəslənilən rəğbət və xüsusi münasibətdən məhrum olan R.İbrahimbəyov hazırda bu "itki"nin əvəzini çıxmaq üçün taran andı içmiş pilotun psixoloji durumunu yaşamaqdadır.
Ona görə də, indiyə kimi başqaları üçün ssenarilər yazan kinodramaturq artıq özü başqalarının, həm də ölkədənkənar çevrələrin qələmindən çıxan uğursuz planların icraçısına çevrilib... Bu məqama təkrar qayıdacağıq.
Yuxarıda qeyd olunduğu kimi, müxalifətin bir hissəsini, əsasən də, vaxtilə hakimiyyətdə təmsil olunmuş qüvvələri bir araya gətirmək, hətta onların arasından vahid namizəd müəyyənləşdirmək R.İbrahimbəyovun bacaracağı bir iş deyil.
Məsələ heç də kinematoqrafiyada "Oskar" qazanmış yazıçının siyasətdə diletant olmasında deyil. İş R.İbrahimbəyovun birləşdirməyə çalışdığı həmin qüvvələrin özlərinin birləşmək qabiliyyətində olmamalarındadır.
Sadə məntiqlə baxsaq, onlar eyni hakimiyyət komandasında təmsil olunduqları vaxt belə birgə ola bilmədilər. Onların bir-birilərini sıradan çıxarmaq ehtirası sonda hakimiyyətin itirilməsi ilə nəticələndi.
Yəni əllərində hakimiyyət ola-ola aralarında bir uzlaşma nöqtəsi tapa bilməyən, qarşılıqlı nifrət və qəzəbləri səngiməyən o qüvvələr mövcud durumlarında necə birləşəcəklər?
O zaman maraqlı sual yaranır, həmin qüvvələr birləşmək imkanında deyillərsə, nədən R.İbrahimbəyovun Milli Şura ideyasına belə isti yanaşırlar və prosesdə iştirak etdiklərini təsdiqləyirlər? Əslində, bu prosesə qatıldığı bildirilən müxalifət partiyaları ideyanın baş tutmayacağını bilirlər.
Daha doğrusu, onlar Milli Şura adlanan qurumun hər hansı formada yaradılıb ortaya çıxarılmasının mümkünlüyünü qəbul etsələr də, özlərinə bələd olduqları üçün həmin format çərçivəsində vahid namizəd məsələsinin razılaşdırılacağına inanmırlar.
Prosesdə isə ona görə iştirak edirlər ki, həm ictimai rəydə "birlik tərəfdarı və güzəştə hazır" iddialı qüvvə kimi görünə bilsinlər, həm də...
R.İbrahimbəyovun bağlı olduğu ölkədənkənar çevrələr, "Milyarderlər ittifaqı" və Rusiyanın hakim dairələri Milli Şuranın potensial üzvləri üçün olduqca cəlbedici mahiyyət qazanıb.
AXCP, Müsavat və prosesdə iştirak edən digər qüvvələr R.İbrahimbəyovla yaxınlaşmanı qeyd olunan çevrələrin siyasi-iqtisadi imkanlarından faydalanmaq fürsəti olaraq görürlər. Burada həmin yaxınlaşmanın Azərbaycanda siyasi hakimiyyət dəyişikliyinə gətirəcəyi ehtimalı istisnadır.
Qalır iqtisadi, dəqiq desək, kommersiya variantı...
Bu gün R.İbrahimbəyova sözdə dəstək verən müxalifət partiyaları builki büdcələrini məhz onun vasitəsilə formalaşdırmağı düşünürlər. Qalan məsələlər onlar üçün heç bir əhəmiyyət daşımır...
Milli Şuranın bu qüvvələrin vahid namizəd məsələsini həll etməyəcəyini təsdiqləyən bir məqamı da diqqətə çatdıraq. Aydın görünür ki, Milli Şuranın yaradılması prosesinin əsas iştirakçıları AXCP və Müsavat, eyni zamanda da, qismən "El" hərəkatıdır.
AXCP və Müsavat hazırda İctimai Palata formatında bir yerdədirlər və bu qurum daxilində vahid namizəd məsələsinin qeyri-rəsmi müzakirəsi belə həmin partiyaların bir-birinə güzəştə getməyəcəyini ən qəti surətdə təsdiqləyir.
Belə olan halda, hansı məntiqlə inanmaq olar ki, bu partiyalar təşəbbüsü könüllü oalaraq, öz rəqiblərinə verərək, iddialarından imtina edəcəklər?
Araz Zeynal
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22