"Rəqabət Məcəlləsi təsdiq edildi və eyni fərmanla bir sıra dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə (NK) cənab Prezident tərəfindən 23 bənd üzrə tapşırıqlar verildi".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bunlardan ən vaciblərindən biri Məcəllənin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini 6 ay müddətində hazırlayıb Prezidentə təqdim edilməsidir:
"Bundan əlavə tapşırıqları qruplaşdırsaq, Nazirlər Kabineti 6 ay müddətində Məcəllənin tətbiq edilmədiyi sahələri və məhsulları, sazişlərin rəqabəti məhdudlaşdıra bilməsinə dair meyarları, bazar paylarının hesablanması, yoxlamaların keçirilməsi qaydalarını, götürülmüş malların qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını, maliyyə sanksiyalarının hesablanması qaydaları kimi bir çox normativ hüquqi aktları Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.
Həmçinin, Nazirlər Kabineti 4 ay müddətində Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydalarını, AMB-nın təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini, təbii inhisar subyektlərinin siyahısını, bazarın monitorinqinin aparılması və aktın tərtib edilməsi qaydasını və digər normativ hüquqi aktları qəbul etməlidir".
Ekspert bildirib ki, bu Məcəllənin işə düşərək effektiv nəticələr verməsi üçün görüləcək işlər var: "Lakin işin ən böyük hissəsi Məcəllənin qəbul edilməsi idi ki, bu nəhayət baş verdi. Bir daha qeyd edim ki, bu Məcəllə inkişaf etmək istəyən iqtisadiyyatların “olmazsa olmaz”ıdır. Onun daha təkmil mexanizmə gətirilməsi isə zaman məsələsidir".