Sevastopolun keçmiş qubernatoru (2016-2019) və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin keçmiş rəis müavini Dmitri Ovsyannikov Londondakı evində Britaniya polisi tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, Ovsyannikov sanksiyalar rejimini pozmaqda və çirkli pulların yuyulmasında şübhəli bilinir və London məhkəməsində onun işi üzrə ilkin dinləmə fevralın 20-nə təyin edilib. Qəzetin məlumatına görə, Ovsyannikov Londonda HBOS maliyyə qrupunun banklarından birində əvvəllər açdığı hesaba ümumilikdə 65 min funt sterlinq (82,5 min dollar) məbləğində köçürmələr alıb. Ondan da 77,5 min funt sterlinq (98,5 min dollar) nağd pul götürülüb, ehtimal ki, bu da qanunsuz maliyyə əməliyyatları nəticəsində əldə edilib.

2017-ci ilin noyabr ayından Ovsyannikov Böyük Britaniya Xarici İşlər Nazirliyinin ölkədəki aktivlərinə həbs qoyulmasını və maliyyə xidmətlərinə çıxışın məhdudlaşdırılmasını nəzərdə tutan sanksiya siyahısındadır.