"Bankların sayını maliyyə bazarı özü müəyyənləşdirməlidir. Onun inzibati yolla müəyyənləşdirilməsi heç bir halda azruolunan deyil".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank problemli və öhdəliklərini yerinə yetirə bilməyən bankların lisenziyasının geri alınması ilə bağlı qərar qəbul etmək hüququna malikdir:
"Bizim qiymətləndirmələr göstərir ki, hələ də aktivlərində azalma müşahidə edilən bank var. Eyni zamanda, sağlamlaşdırılmasına ehtiyac olan banklar da mövcuddur. Təklifimiz ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən həmin bankların müflis elan olunması deyil, sağlamlaşdırılması və ya birləşdirilməsi həyata keçirilsin. Bankların müflis olması dövlət üçün əlavə xərcdir. Ona görə ki, qorunan əmanətlər tam olaraq dövlət tərəfindən qaytarılır. Digər tərəfdən bu, bank sektoruna, əmanətlərin cəlb edilməsinə psixoloji olaraq neqativ təsir göstərir. Bağlanan bankların ümumi bank sektorunda aktivləri az olsa belə, psixoloji təsirləri var. Bu isə sektora inam baxımından arzuolunan deyil. Bu baxımdan, sağlamlaşdırma ilə bağlı işlər həyata keçirilməlidir. Hazırda sağlamlaşdırma dəstəyinə ehtiyacı olan banklar var".
Anar Kəlbiyev