Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sektorunda əməkdaşlığı ilə bağlı alçaq bəyanatla çıxış edib.

"Unikal" xəbər verir ki, bu barədə NEWS.ru-ya Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev məlumat verib.

Millət vəkili xatırladıb ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazası var. O, Paşinyanın Moskvanın daha İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə belə münasibət bildirib:

“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları var: aviasiya bazası, bütöv bir diviziya və o, belə bəyanatlar verir... Görünür, o, tamamilə ABŞ-nin təsiri altına düşüb. Onlar Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirirlər. Bu, gözlənilən idi, lakin bu, Paşinyan tərəfindən alçaqlıqdır”, - deyə Sobolev bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İctimai Radiosuna müsahibəsində Paşinyan bildirib ki, Rusiya “obyektiv və subyektiv” səbəblərə görə daha Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz. 

Nuranə Abbasova