ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının qüvvələri husilərin Qırmızı dənizdə gəmilərə qarşı buraxmağa hazırlaşdıqları qanadlı raketlərə özünümüdafiə məqsədilə yerli vaxtla səhər saat 4 radələrində zərbə endirib. ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində qanadlı raketi müəyyənləşdirib və onun bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri, eləcə də ticarət gəmiləri üçün ciddi təhlükə yaratdığını müəyyənləşdirib.

“Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, - deyə CENTCOM-un X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda bildirilib.