Rusiya ABŞ-ın Britaniyada nüvə silahı yerləşdirəcəyi təqdirdə cavab verəcəyini vəd edib.

“Unikal” xəbər verir ki, bu barədə Moskvanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov “Rossiya-24” dövlət telekanalında bildirib.

Onun sözlərinə görə, Moskva Vaşinqtonun nüvə silahlarını Britaniyada yerləşdirmək planlarını izləyir.

“Söhbət, ola bilsin, Böyük Britaniyada Amerikanın nüvə silahı olan aviabazasının yenidən aktivləşdirilməsindən gedir”, - Qatilov bildirib.

"Baltikyanı ölkələrə, Polşaya nüvə silahının göndərilməsinin mümkünlüyü barədə də danışılır. Bütün bunlar gərgin vəziyyət yaradır. Biz hadisələrin bu istiqamətdə necə getdiyini izləyirik. Təbii ki, belə olarsa, Rusiya buna uyğun reaksiya verməyə məcbur olacaq”.