Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, dövlət başçısının təbrik məktubunda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım.
Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram.
Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır.
Bu gün Sizin müdrik rəhbərliyiniz altında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq.
Əziz Qardaşım,
Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır.
Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm.
Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
Həyatınızın bu sevincli günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram".