Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər və məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. 

Daha sonra hökm elan edilib. Hökmə əsasən, Afiq Hacıəliyev 14 il, Natiq İmamcanov 3 il müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunub. 

Xatırladaq ki, dövlət ittihamçısı İsmayıl Cavadlı məhkəməyə təqsirləndirilənlərdən Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək o məhkəmə zalında həbs edilməsini təklif edib.

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev  təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub. 

Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu