Ermənistanda valideynlər Təhsil Nazirliyini məhkəməyə verib.

"Unikal" xəbər verir ki vəkil Ara Zöhrabyan və 7-ci sinif şagirdlərinin valideynləri qalmaqallı tarix dərsliyi ilə bağlı Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı iddia qaldırıblar.

İddia ərizəsində nazirin nəşrin məktəblərdə istifadəsi ilə bağlı əmrinin qüvvədən düşmüş hesab edilməsi tələb olunur.

Bundan əvvəl İrəvanda bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilib və tarixçilər məhkəməyə müraciət etmək niyyətində olduqlarını bəyan ediblər.

Xatırladaq ki, tarix elmləri namizədi Smbat Hovhannisyanın tərtib etdiyi 7-ci sinif üçün Ermənistan tarixi dərsliyi peşəkar dairələrdə fəal müzakirə olunur. Mütəxəssislər, xüsusilə Urartu dövrünə aid olan çoxsaylı səhvlərə işarə edirlər. Heç yerdə İrəvanın tarixinin Erebunidən başlaması qeyd edilmir. Dərsliyin tənqidçiləri müəllifin türk milliyyətçi tarixşünaslığına üstünlük verdiyini düşünürlər.
Dərsliyin redaktəsi üzrə işçi qrupun rəhbəri, İştirakçılıq Məktəbi təhsil fondunun direktoru Vahram Soqomonyan bildirib ki, ona 46 düzəliş ediləcək və onlar əlavələr şəklində məktəblərə təqdim olunacaq. Tarixçilər düzəlişləri qeyri-kafi hesab edir və dərsliyin geri alınmasını tələb edirlər.