Biz 2020 və 2021-ci illərdə baş vermiş məlum hadisələr zamanı KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin qınaqlarını qəti şəkildə qəbul etmirik. 

"Unikal" xəbər verir ki, buunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın bu barədə bəyanatını şərh edərkən deyib: "Onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin sentyabrında Ermənistan tərəfinin müraciəti əsasında təşkilatın katibliyi və birgə qərargahından ibarət qiymətləndirmə missiyası operativ şəkildə formalaşdırılıb və həmin missiya ölkənin sərhədyanı rayonlarına göndərilib. Nəticələrə əsasən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi barədə qərar hazırlayıb.

Respublikaya hərbi-texniki yardım və bir sıra digər tədbirləri nəzərdə tutan bu balanslaşdırılmış qərarın Ermənistan hakimiyyəti tərəfindən əsassız bəhanə ilə rədd edilməsi nə bizim, nə də KTMT-nin digər üzvlərinin günahıdır".

Onun sözlərinə görə, İrəvan bunun müqabilində Aİ müşahidəçilərini dəvət edib: "İrəvan bunun müqabilində nümayişkaranə şəkildə Aİ-dən saxta müşahidəçilər dəvət etməyi seçdi. Məlum faktlar öz sözünü deyir və həmin nümayəndələrin işinin sıfır səmərəliliyinə heç bir şübhə yeri qoymur. Biz ondan çıxış edirik ki, Ermənistan Respublikası bu statusdan irəli gələn bütün hüquq və öhdəliklərlə KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir. Eyni zamanda, təəssüflə qeyd edirik ki, İrəvanın təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, açıq şəkildə dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə uyğun gəlmir.

Ümid edirik ki, İrəvan anlayacaq ki, mövcud narahatlıqları sonsuz və xaotik şəkildə ictimai məkana atmaqdansa, onlar sakit, məxfi dialoq yolu ilə müzakirə və həll edilməlidir. Bəyanatın üslubundan və konstruksiya məntiqindən danışırıqsa, düzünü desəm, mən başa düşə bilmirəm. Bu yaxınlarda Ermənistan nümayəndələri KTMT-nin Ermənistanı tərk etdiyini bildirdilər. Əgər KTMT Ermənistanı tərk edibsə, Ermənistan orada iştirakını necə dondura bilər?". 

Ağarza Elçinoğlu