Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a bildiriblər ki, Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etdiyini və dövlətimizin başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi, Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb.
Çıxışda tarixi-mədəni ənənələrlə bağlı olduğumuz Türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və digər istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə Türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyi, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğu nəzərə alınaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruriliyi qeyd edilib.
Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib. Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb.
Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.