2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini və cari ildə ölkəmizin paytaxtında Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İşçi Qrupu yaradılıb.

"Unikal" xəbər verir ki, İşçi Qrupunun yaradılması məsələsi ADNSU-nun Elmi Şurasında müzakirə olunub və Şura üzvləri tərəfindən dəstəklənib. Beləliklə, ADNSU-da COP29-la bağlı İşçı Qrupu yaradılıb,  “Yaşıl Universitet” layihəsinə start verilib.  

Azərbaycan Respublikası “yaşıl” iqtisadiyyata keçidi və “yaşıl” enerji təchizatçısına çevrilməni iqtisadi siyasətin prioritetlərindən biri kimi elan edib, eləcə də 1990-cı illər müqayisədə 2030-cu ilədək istixana qazlarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasını hədəfləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft, qaz, kimya və energetika sahələri üzrə mühəndis kadrları yetişdirən, bu istiqamətlər üzrə zəngin elmi potensiala malik olan, eləcə də  Böyük Britaniyanın Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri, Azərbaycan-Fransız Universitetində isə “Su ehtiyatlarının idarəolunması” ixtisasları üzrə ən müasir beynəlxalq proqramalar əsasında tədris həyata keçirən ali təhsil müəssisəsi olaraq “Yaşıl dünya naminə həmrəylik ili" və COP29 sammiti çərçivəsində respublikada görülən işlərə töhfəsini verməyi özünün mənəvi borcu hesab edir. 

Bu məqsədlə ADNSU 2024-cü ildə “Yaşıl Universitet” layihəsi çəırçivəsində tədbirlər planı işləyib hazırlayıb. Tədbirlər planında COP 29 brendi adı altında elmi konfransdan tutmuş “karbon emissiyasının azaldılması” probleminin həllinə dair Hakatonun təşkilinədək, “Yaşıl Dünya Naminə Süni Zəka Laboratoriyasının” yaradılmasından “Azİİ parkının” açılmasınadək, habelə “İqlim dəyişmələri və iqtisadiyyat” mövzusunda beynəlxalq yay məktəbinin təşkilindən tutmuş tələbələr üçün ekoturların təşkilinədək məsələlər yer alıb.