Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Toxumçuluğun inkişaf perspektivləri – sahəyə yeni baxış” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, FAO, elmi tədqiqat institutlarının, Azərbaycan Toxumçular Assosiasiyanın, həmçinin özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və toxumçu fermerlər iştirak edib. 

Konfransın keçirilməsində əsas məqsəd toxu mçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən faydalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir. 

AXA sədri Sərdar Hacıyev toxumçuluqda mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib. Bildirib ki, toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi, aqrar sektorun inkişaf dinamikasını müəyyən edən amillərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətlərindən biri toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkilidir. Sərdar Hacıyev fermerlərin keyfiyyətli toxuma olan əlçatanlığını təmin edilməsinin, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinin, toxumluq əkin sahələrində aprobasiyanın vaxtında və keyfiyyətlə aparılmasının, toxum istehsalına nəzarətin təkmilləşdirilməsinin, həmçinin yüksək və keyfiyyətli məhsul istehsalı üçün toxumluq sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb. 

FAO-nun nümayəndəsi Namiq Məmmədov təmsil etdiyi təşkilat tərəfindən toxumçuluq sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat verib.

Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda toxumçuluq sistemi: ölkədə toxum istehsalına dövlət nəzarəti və beynəlxalq təcrübə, dövlət toxum nəzarət sistemi, toxumçuluqda mövcud vəziyyət, toxum tələbatı, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi mövzularında müzakirələr və təqdimatlar keçirilib. Müzakirələrdə toxumçuluğun inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə,  toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.